Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Rüfət Zamanovun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Bibiheybət neft və qazçıxarma idarəsinin (NQÇİ) istehsalat sahələrində olub. Səfərin məqsədi əmək şəraiti, sosial təminat və işçilərin rifahı istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanışlıq, həmçinin kollektivin mövcud ehtiyac və təkliflərinin öyrənilməsi idi.
Görüş zamanı idarənin rəhbərliyi tərəfindən nümayəndə heyətinə istehsalat prosesinin təşkili, iş mühitinin təhlükəsizliyinin təmin edilməsi, istehsal obyektlərində texniki yeniliklərin tətbiqi və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu il “Bibiheybət” yatağında son illərin ən yüksək hasilat göstəricisinə nail olunub. Bu uğur, kollektivin peşəkarlığı, dərin bilik və təcrübəsinin, həmçinin müəssisədə həyata keçirilən səmərəli idarəetmə siyasətinin nəticəsidir.
Görüşdə əməkdaşların iş şəraiti, məişət və istirahət imkanlarının yaxşılaşdırılması, habelə istehsalatda təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda işçilərin asudə vaxtlarının səmərəli təşkili və sosial rifahının artırılması ilə bağlı yeni təşəbbüslər dəyərləndirilib.
ANQSİHİRK sədri Rüfət Zamanov çıxışı zamanı vurğulayıb ki, əməkdaşların təhlükəsizliyi, layiqli iş şəraiti və sosial rifahı həmkarlar ittifaqlarının əsas prioritet istiqamətlərindəndir. O, “Azneft” İB-nin və xüsusilə Bibiheybət NQÇİ-nin bu sahədə gördüyü işləri yüksək qiymətləndirərək qeyd edib ki, həmkarlar ittifaqı və İB arasında əməkdaşlıq münasibətləri işçilərin maraqlarının qorunmasında mühüm rol oynayır.
Rüfət Zamanov onu da bildirib ki, qarşıdakı dövrdə birgə səylər nəticəsində əmək mühitinin daha da yaxşılaşdırılması, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi və işçilərin rifahına yönəlmiş layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.
Sonda tərəflər arasında fikir mübadiləsi aparılıb, əməkdaşların qaldırdığı məsələlərin həlli istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.