A
A
A

ANQSİHİRK tərəfindən şəhid ailələri və qazilər üçün bayram tədbiri təşkil olunub

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) təşkilatçılığı ilə Qurban bayramı və 28 May – Müstəqillik Günü münasibətilə Qarabağ müharibəsi qaziləri və şəhid ailələri üçün tədbir təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Himndən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən ANQSİHİRK-in sədri Rüfət Zamanov Qurban bayramının birlik, həmrəylik və paylaşma dəyərlərini təbliğ etdiyini, 28 May – Müstəqillik Gününün isə xalqımızın dövlətçilik tarixində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, şəhid ailələri və qazilər dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir.

Rüfət Zamanov çıxışında vurğulayıb: “Bu gün biz həm müqəddəs Qurban bayramını, həm də Müstəqillik Gününü xalqımızın qəhrəman övladlarının ailələri və qazilərimizlə birlikdə qeyd edirik. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq. Qazilərimizin göstərdiyi şücaət isə gələcək nəsillər üçün örnəkdir. Onların yanında olmaq bizim mənəvi borcumuzdur.”

Tədbir iştirakçıları üçün bayram süfrəsi təşkil olunub, proqram musiqili çıxışlar və ziyafətlə davam edib.

Sonda qazilər və şəhid ailələri göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkürlərini bildiriblər.