Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqları Respublika Komitəsi (ANQSİHİRK) 2025–2026-cı tədris ilində SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olunmuş bir sıra tələbələrə təqaüd verməyə başlayıb.
Belə ki, BANM-in nailiyyətləri ilə seçilən tələbələrinin maddi təminatını gücləndirmək, onların şəxsi inkişafını dəstəkləmək və təhsildə daha yüksək nəticələr əldə etmələrinə stimul yaratmaq məqsədilə ANQSİHİRK-in büdcəsi hesabına təqaüdün hər ay birbaşa tələbələrin bank hesabına köçürülməsi nəzərdə tutulur.
Bununla əlaqədar olaraq, BANM-da təqaüdlərin təqdim olunması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tələbələrə göstərilən diqqət və qayğıya görə ANQSİHİRK rəhbərliyinə təşəkkürünü bildirib, bu cür təşəbbüslərin gənclərin təhsildə daha yüksək nəticələr qazanmasına mühüm töhfə verdiyini vurğulayıb.
Daha sonra ANQSİHİRK-in fəaliyyəti haqqında videoçarx nümayiş olunub və BANM-nin 40 tələbəsinə Komitənin sədri Rüfət Zamanov tərəfindən təqaüd kartları verilib.
Yekunda isə Ali Məktəbin rektoru Elmar Qasımov Respublika Komitəsinin sədri Rüfət Zamanova “Fəxri Fərman” plaketini təqdim edib.
Qeyd edək ki, ANQSİHİRK tərəfindən həyata keçirilən sosial dəstək proqramları gənclərin rifahının yaxşılaşdırılmasına, onların təhsilə marağının artırılmasına və peşəkar kadr kimi formalaşmasına yönəlib.