A
A
A

ANQSİHİRK-in nümayəndə heyəti Türkiyənin “Petrol-İş” Həmkarlar İttifaqında səfərdə olub

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) beynəlxalq həmkarlar ittifaqı əlaqələrinin genişləndirilməsi, qlobal əmək hərəkatında həmrəyliyin gücləndirilməsi və qardaş ölkələrin sahə həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu çərçivədə ANQSİHİRK-in sədri Rüfət Zamanovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində Neft, Kimya və Lastik Sənayesi İşçiləri Həmkarlar İttifaqı – “Petrol-İş” Həmkarlar İttifaqını ziyarət edib. Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq “Yeni Nümayəndələrin Təlim Proqramı”nda iştirak edib. 70-dən artıq nümayəndənin qatıldığı tədbirdə çıxış edən “Petrol-İş” Həmkarlar İttifaqının sədri Süleyman Akyüz və ANQSİHİRK-in sədri Rüfət Zamanov iki qardaş ölkənin əmək hərəkatı müstəvisində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu görüşün gələcək birgə fəaliyyət baxımından mühüm önəm daşıdığını bildiriblər.

Daha sonra “Petrol-İş” Həmkarlar İttifaqının baş qərargahında geniş tərkibli görüş keçirilib. Türkiyənin müxtəlif bölgələrindən nümayəndələrin qatıldığı görüş zamanı həmkarlar ittifaqlarının təşkilati strukturu, fəaliyyət istiqamətləri, üzvlərlə iş təcrübəsi, təlim proqramları və həyata keçirilən layihələr barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Petrol-İş” Həmkarlar İttifaqının sədri Süleyman Akyüz çıxışında Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi və qardaşlıq münasibətlərinə toxunaraq, həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, beynəlxalq həmkarlar ittifaqı həmrəyliyinin gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

ANQSİHİRK-in sədri Rüfət Zamanov isə çıxışında Azərbaycan və Türkiyə arasında “bir millət, iki dövlət” prinsipi əsasında qurulan münasibətlərin həmkarlar ittifaqları səviyyəsində də uğurla inkişaf etdiyini bildirib. O, hər iki ölkədə fəaliyyət göstərən şirkətlərdə həmkarlar təşkilatlarının mövcudluğunun daha sıx əlaqələndirmə və təcrübə mübadiləsini zəruri etdiyini vurğulayıb.

Səfər ANQSİHİRK ilə “Petrol-İş” Həmkarlar İttifaqı arasında əməkdaşlıq sazişinin imzalanması ilə başa çatıb. Tərəflər gələcək dövrdə birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın davam etdirilməsi istiqamətində qarşılıqlı iradə nümayiş etdiriblər.