A
A
A

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin I Məclisi keçirilib

18 iyun 2025-ci il tarixində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının (ANQSİHİ) VI Qurultayı baş tutduqdan sonra İttifaqın Respublika Komitəsinin I Məclisi keçirilib. Tədbirdə Sahə Həmkarlar İttifaqının yeni Məclis üzvləri və Nəzarət-Təftiş Komissiyasının üzvləri iştirak ediblər.

Məclisdə bir sıra mühüm təşkilati məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Belə ki, Fətulla Ramiz oğlu Mustafayev ANQSİHİ sədrinin müavini vəzifəsinə seçilib. Eyni zamanda, ANQSİHİ Rəyasət Heyətinin 15 nəfərdən ibarət yeni tərkibi formalaşdırılıb və üzvlər yekdilliklə təsdiq olunub.

Məclis çərçivəsində, həmçinin təşkilatın normativ sənədləri ilə bağlı mühüm addımlar atılıb. Sahə Həmkarlar İttifaqı tərəfindən qəbul edilmiş normativ sənədlərin, təlimatların və daxili qaydaların müasir dövrün tələbləri və əmək münasibətlərində baş verən dəyişikliklər nəzərə alınmaqla yenidən işlənib və yeni redaksiyada təsdiq olunması haqqında qərar qəbul edilib. Bu dəyişikliklər həmkarlar ittifaqı fəaliyyətinin daha çevik və effektiv təşkilinə, işçilərin hüquqlarının müdafiəsinin daha sistemli şəkildə həyata keçirilməsinə xidmət edəcək.

Məclis iştirakçıları həmkarlar ittifaqının gələcək fəaliyyəti, sosial tərəfdaşlıq, əmək hüquqları və işçilərin rifahı istiqamətində həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi apararaq, qarşıya qoyulan vəzifələrin uğurla icrası üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.