18 noyabr 2026-cı il tarixində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) həyata keçirdiyi “Smart Children” layihəsinin ikinci diplom təqdimetmə mərasimi keçirilib. 600-ə yaxın qonağın iştirak etdiyi tədbirdə 300-ə yaxın neftçi övladı layihə çərçivəsində 16 istiqamət üzrə keçdikləri təlimləri uğurla başa vurduqlarına görə diplom və sertifikatlarla təltif olunub.
Mərasimdə çıxış edən ANQSİHİRK-in sədri Rüfət Zamanov layihənin əhəmiyyətini vurğulayaraq bildirib: “Uşaqların bilik və bacarıqlarının inkişafına, onların müasir texnologiyalara yiyələnməsinə yaradılan imkanlar gələcəyə qoyulan ən dəyərli sərmayədir. Məqsədimiz neftçi ailələrinin övladlarının potensialını üzə çıxarmaq, onların yeni biliklər qazanmasına və gələcəyin peşələrinə hazırlanmasına dəstək olmaqdır. İnanırıq ki, bu gün atılan kiçik addımlar sabah böyük uğurlara çevriləcək.
ANQSİHİRK həmişə öz əməkdaşlarına və onların uşaqlarına qayğı göstərir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bizim üçün bu, sadəcə söz deyil, iş prinsipimizdir.”.
Layihə çərçivəsində robototexnika, proqramlaşdırma, aerokosmik modelçilik, kibertəhlükəsizlik, süni intellekt, 3D çap, dron texnologiyaları, elektronika, şahmat, ingilis dili və digər istiqamətlər üzrə təlimlər təşkil olunub.
Tədbirdə, həmçinin uşaqların texnoloji yarışlarda qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib. Layihənin inkişafına və təlim prosesinə verdikləri töhfəyə görə müəllimlərə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, “Smart Children” layihəsi ANQSİHİRK-in neftçi ailələrinə sosial dəstəyinin, uşaqların intellektual və yaradıcı potensialının inkişafına yönəlmiş təşəbbüslərinin mühüm istiqamətlərindən biridir. “Kiçik addımlar, böyük gələcək yaradır!” şüarı ilə fəaliyyətini davam etdirən layihə uşaqların müasir bilik və bacarıqlara yiyələnməsinə, innovasiyalara marağının artırılmasına və gələcək uğurlarına töhfə verməyi hədəfləyir.