Ekoloji məsuliyyət
ANQSİHİRK-in fəaliyyəti çərçivəsində ekoloji vəziyyətin qorunması və sağlam mühitin yaradılması daim prioritet istiqamət kimi diqqətdə saxlanılır. Müxtəlif müəssisələrdə keçirilən iməciliklər, ağacəkmə aksiyaları və abadlıq təşəbbüsləri ilə həm işçi kollektivləri, həm də yerli icmalar ətraf mühitin mühafizəsinə cəlb olunur.
2025-ci ildə 5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində SOCAR, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ANQSİHİRK-in birgə təşkil etdiyi iməcilik aksiyalarında yüzlərlə könüllü iştirak edib. Dəniz sahillərinin tullantılardan təmizlənməsi, ətraf ərazilərin abadlaşdırılması və ekoloji maarifləndirmə tədbirləri aksiyanın əsas istiqamətləri olub. SOCAR-ın “Azneft” və “Azərikimya” İstehsalat Birlikləri (İB), Neftqaztikinti tresti, “SOCAR Polymer”, “SOCAR Downstream Management”, “EKOL”, “Binagadi Oil Company” və digər qurumların əməkdaşları bu təşəbbüslərdə fəal iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində müxtəlif müəssisələrdə həyata keçirilən ekoloji layihələr də öz miqyası ilə seçilib. “SOCAR Petroleum” QSC-də böyük ərazinin təmizlənməsi və yeni ağacların əkilməsi, “Azərikimya” İstehsalat Birliyi ərazisində keçirilən təmizlik və yaşıllaşdırma aksiyaları işçilərin ekoloji proseslərə fəal qoşulduğunu göstərir. Bu tədbirlərdə həmkarlar ittifaqları, idman klubları və ictimai təşkilatlar da iştirak edib.
Eyni zamanda, ölkənin müxtəlif bölgələrində Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ənənəvi ağacəkmə aksiyaları davam etdirilib. “Karasu Operating Company” şirkətinin təşkilatçılığı ilə Şirvanda Ulu Öndərin 102 illiyini simvolizə edən 102 şam və 102 zeytun ağacı əkilərək şəhərin yaşıllıq fonduna yeni töhfə verilib.
SOCAR-ın “Bibiheybətneft” Neft və qaz çıxarma idarəsində də mütəmadi olaraq təmizlik və abadlıq işləri görülür. Aylıq iməciliklər zamanı idarə rəhbərliyi və əməkdaşlar ərazinin təmizlənməsi, səliqə-sahmana salınması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində birgə fəaliyyət göstərirlər.
Bu təşəbbüslər ANQSİHİRK-in ekoloji məsuliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, ekoloji mədəniyyətin formalaşmasına və təbiətə daha həssas yanaşmanın təşviqinə xidmət edir.