A
A
A

İdman və bədən tərbiyəsi

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) işçilərin sağlam həyat tərzinin təşviqi, kollektivlərdə komand ruhunun gücləndirilməsi və idmanın inkişafına dəstək göstərilməsini sosial məsuliyyət fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir. Bu çərçivədə hər il müxtəlif idman tədbirləri, turnirlər və yarışlar təşkil edilir, həm peşəkar, həm də həvəskar idmançılar üçün əlverişli şərait yaradılır.

2025-ci ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə SOCAR-ın Təhlükəsizlik idarəsinin Həmkarlar İttifaqı Komitəsinin (HİK) dəstəyi ilə İdarənin 14 komandası arasında minifutbol yarışı təşkil edilib. Gərgin mübarizədən sonra finalda 1 və 30 saylı komandalar qarşılaşıb, 1 saylı komanda 5:1 hesabı ilə qalib gələrək çempion olub. İlk üç yerin sahibləri medal və pul mükafatları ilə təltif ediliblər. “Ən çox qol vuran” titulunu 1 saylı komandanın üzvü Nicat Həsənov, “Ən yaxşı qapıçı” nominasiyasını isə həmin komandanın digər üzvü Teymur Mirzəyev qazanıb.

SOCAR-ın Sosial inkişaf idarəsinin (Sİİ) “Neftçi İdman Klubu” İctimai Birliyi və HİK-in təşkil etdiyi 2025-ci il - “Konstitusiya və Suverenlik ili”nə həsr olunan 3x3 basketbol turniri də uğurla başa çatıb. SOCAR-ın Neftqaztikinti trestinin komandası yarışda 3-cü yeri tutub, qaliblər hədiyyə və sertifikatlarla təltif ediliblər.

Kütləvi idman tədbirlərində SOCAR kollektivinin fəallığı “Bakı Marafonu-2025” zamanı da özünü göstərib. “Küləyə qalib gəl” devizi ilə keçirilən marafon hər il olduğu kimi 2025-ci ildə də böyük coşqu ilə müşayiət olunub. SOCAR-ın çoxminlik kollektivinin üzvləri yürüşə həvəslə qatılıb, bir çox əməkdaş finişə ilk sıralarda çatanlar arasında yer alıb.

“Konstitusiya və Suverenlik İli” münasibətilə, 20 Sentyabr – Neftçilər Günü və Dövlət Suverenliyi Günü ərəfəsində SOCAR-ın Sİİ-nin “Neftçi İdman Klubu” İctimai Birliyinin təşkil etdiyi velosiped yarışı bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurlu nümunələrindəndir. Yarışda SOCAR-ın Nəqliyyat idarəsinin 1 saylı Texnoloji nəqliyyat departamentinin növbətçi mexaniki Ceyhun Məhərrəmli birinci yerə layiq görülüb. Qalibin hazırlığında departamentin Mülki müdafiə qərargahının rəisi Kamil Kərimovun məşqçi kimi xüsusi rolu olub. Ceyhun Məhərrəmli “Neftçi İdman Klubu”nun diplom və medalı ilə təltif edilib və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Həmçinin ANQSİHİRK, SOCAR-ın Sİİ-nin “Neftçi İdman Klubu”nun birgə təşkilatçılığı ilə keçirilən SOCAR-2025 minifutbol turniri də 20 Sentyabr – Neftçilər Gününə həsr olunub. Bakı Tennis Akademiyasında baş tutan turnirdə üçüncü yerə “SOCAR Polymer”, ikinci yerə “Azneft” İB, birinci yerə isə “Balakhani Operating Company” şirkəti layiq görülüb. Turnir çərçivəsində “Ən məhsuldar oyunçu”, “Ən yaxşı qapıçı” nominasiyaları üzrə qaliblər, həmçinin oyunların hakimləri xüsusi mükafatlarla təltif ediliblər. Mükafatlar ANQSİHİRK-nın sədri Rüfət Zamanov və SOCAR rəhbərliyinin nümayəndələri tərəfindən təqdim olunub.

İdmanın kütləviləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri də SOCAR-ın “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş minifutbol turniridir. Birliyin müəssisələri arasında keçirilən yarışda “Construction” komandası birinci, “Safety United” ikinci, “Təmirçi” komandası isə üçüncü yerə layiq görülüb. “Ən yaxşı qapıçı” və “Ən çox qol vuran oyunçu” nominasiyalarında fərqlənən idmançılar da xüsusi mükafatlarla qiymətləndirilib.

ANQSİHİRK idmanın həm fiziki sağlamlığın qorunmasında, həm də kollektivlərdə əməkdaşlıq, intizam və komanda ruhunun inkişafında mühüm rol oynadığını vurğulayaraq, bu kimi layihələrin davamlı şəkildə həyata keçirilməsini qarşıya məqsəd qoyur.