A
A
A

ANQSİHİ haqqında

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının (ANQSİHİ) tarixi ölkəmizin neft sənayesinin formalaşması və inkişafı ilə sıx bağlıdır. Həmkarlar hərəkatının kökləri XX əsrin əvvəllərinə — Bakı neft mədənlərində fəhlə sinfinin təşəkkül tapdığı dövrlərə gedib çıxır.

1904-cü ildə Bakı neftçiləri ilə sahibkarlar arasında dünyada ilk dəfə kollektiv müqavilə bağlanıb. Həmin ilin dekabrında 50 mindən artıq fəhlənin iştirak etdiyi ümumi tətil zamanı işçilər əmək şəraitinin yaxşılaşdırılması, əməkhaqlarının artırılması və istirahət hüquqlarının təmin olunması tələbləri ilə çıxış ediblər. Fəhlələrin birliyi və qətiyyətli mövqeyi nəticəsində sahibkarlarla razılaşma əldə olunaraq iş gününün 9 saata endirilməsi, əməkhaqqının 20–25% artırılması, həftədə bir gün istirahət və ildə bir dəfə məzuniyyət hüququ rəsmiləşdirilib. Bu tarixi razılaşma neft sənayesində də ilk kollektiv müqavilə olmaqla həmkarlar təşkilatlarının yaranmasına təkan verib.

XX əsrin əvvəllərində kapitalizmin inkişafı ilə əlaqədar neft sənayesində çalışan fəhlələrin sayı sürətlə artmağa başladı. 1897–1901-ci illərdə neft hasilatı ilə məşğul olanların sayı 15 dəfə artaraq 26 367 nəfərə çatmışdı. 1903-cü ildə Bakı fəhlələrinin ağır iş şəraitinə etiraz olaraq keçirdikləri kütləvi tətil (təxminən 50 min iştirakçı ilə) həmkarlar hərəkatının güclənməsinə və 1905-ci ildə ilk həmkar təşkilatlarının yaranmasına zəmin yaratdı.

ANQSİHİ bu gün respublikanın neft və qazçıxarma, nəql, emal və ixrac sahələrində, həmçinin bu sənayelərə xidmət edən müəssisələrdə çalışan işçilərin, eləcə də təqaüdçülərin əmək, sosial-iqtisadi və hüquqi mənafelərini müdafiə edən könüllü, kütləvi, qeyri-siyasi ictimai birlik kimi fəaliyyət göstərir.

İttifaq uzun illər ərzində böyük inkişaf yolu keçərək bu gün 63 mindən artıq üzvü birləşdirən güclü təşkilata çevrilib.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) əsas fəaliyyət istiqamətləri bunlardır:
• iş yerlərində əməyin mühafizəsinə və sağlamlığın qorunmasına ictimai nəzarət;
• işçilərin əmək, sosial-iqtisadi və hüquqi hüquqlarının müdafiəsi
• qadın və gender siyasətinin həyata keçirilməsi;
• gənclərlə iş və gənclər siyasətinin təşkili;
• işçilərin sanator-kurort müalicəsi və ailəvi istirahətinin təmin olunması;
• təşkilati və maarifləndirmə fəaliyyəti.

ANQSİHİ 1997-ci ildən Neft-Qaz Tikintisi Kompleksi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının, 1999-cu ildən Kimya Sənayesi, Dağ-Mədən, Energetika və Müxtəlif Peşə İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının (ICEM), 2012-ci ildən isə bir sıra beynəlxalq həmkarlar təşkilatlarını birləşdirən IndustriALL Qlobal Birliyinin üzvüdür.

Bu gün ANQSİHİ ölkəmizin neft-qaz sektorunda çalışan minlərlə əməkçinin hüquqlarının qorunması, sosial rifahının yüksəldilməsi və həmrəyliyin gücləndirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.