A
A
A

Əmək hüquqları

Əmək hüququ hər bir vətəndaşın Konstitusiya ilə qorunan fundamental hüquqlarından biridir. Bu hüquq insanların sərbəst şəkildə əməyə cəlb olunmasını, öz peşə və məşğuliyyətini azad seçməsini təmin edən əsas hüquqi mexanizmdir.

Azərbaycan Respublikasının “Əmək Məcəlləsi” əmək münasibətlərinin təşkili və tənzimlənməsi ilə bağlı bütün əsas prinsipləri müəyyən edir. Qanunvericiliyə əsasən, hər bir şəxs əməyə olan qabiliyyətinə uyğun olaraq özünə fəaliyyət növü, ixtisas, peşə və iş yeri seçmək azadlığına malikdir.

Əmək hüquq münasibətləri işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlandığı andan etibarən yaranır və tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edir. İşçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi və işdən azad edilməsi prosedurları bilavasitə əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir.

Əmək hüququ eyni zamanda aşağıdakı əsas sahələri də tənzimləyir:

• əməkhaqqının müəyyən edilməsi və ödənilməsi;
• iş və istirahət vaxtının təşkili;
• əmək intizamı qaydaları;
• işçilərin həvəsləndirilməsi;
• əmək mübahisələrinin yaranması və onların həlli mexanizmləri.

Əmək münasibətləri iki tərəf arasında qurulur: işçi və işəgötürən. Hər iki tərəf qanun qarşısında bərabər məsuliyyət daşıyır və əmək qanunvericiliyinin tələblərinə riayət etmək öhdəliyinə malikdir.