A
A
A

Sosial rifah

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSİHİRK) öz üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sosial təminatının yüksəldilməsi və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir. SOCAR və ANQSİHİRK arasında imzalanmış 10 may 2016-cı il tarixli birgə əmrin tələblərinə uyğun olaraq, “2016–2020-ci illər və 2021–2025-ci illər üçün Sosial İnkişaf Proqramı” çərçivəsində genişmiqyaslı layihələr icra olunmaqdadır. Bu proqram SOCAR-ın qurumlarında çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, sosial obyektlərin müasir standartlara uyğun fəaliyyətinə və əməkdaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

Mənzil və sosial təminat proqramları

SOCAR işçilərinin mənzil və torpaq sahəsi ilə təmin olunması “Neftçi” mənzil-tikinti kooperativinə üzvlüyə qəbul qaydaları əsasında mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.

2024–2025-ci illərdə:
• 111 nəfər nəftçi kooperativ mənzillə təmin edilib;
• 11 nəfər əməkdaş fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi əldə edib.

Bundan əlavə, ANQSİHİRK üzvü olan təxminən 60000 nəfər  əməkdaş nahar fasiləsi zamanı yeməklə təmin olunur.

Tibbi sığorta və sosial dəstək

2012-ci ildən etibarən tətbiq olunan SOCAR Tibbi Sığorta Proqramı çərçivəsində şirkətin 70 000-ə yaxın əməkdaşına “Paşa Sığorta” tərəfindən korporativ tibbi xidmət göstərilir. Sığorta proqramı həm aktiv işçiləri, həm də SOCAR-da çalışaraq yaşa görə və xəstəliklə bağlı əmək qabiliyyətini itirərək təqaüdə çıxan şəxsləri əhatə edir.

“Paşa Sığorta”nın “Assistance” Mərkəzi neftçilərə xidmət prosesini sadələşdirir, tibbi müəssisələrlə səmərəli ünsiyyətin qurulmasını təmin edir. Hazırda Respublika Komitəsi və İlk Həmkarlar İttifaqlarında çalışan 92 nəfər əməkdaş da tibbi sığorta xidmətləri ilə təmin olunur.

Ehtiyacı olan işçilərə “SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq mütəmadi maliyyə yardımı göstərilir. Məsələn, “Neftçi” İdman Klubunun üzvü Ruslan Tağıyev və məşqçi Mais Fərəcovun beynəlxalq MMA turnirində iştirakına maddi dəstək verilmiş və idmançı yüksək nəticə qazanmışdır.

Sərbəstləşən işçilərin sosial müdafiəsi

İşçilərin sayının optimallaşdırılması tədbirləri zamanı onların sosial dayanıqlığının qorunması məqsədilə xüsusi proqram icra olunur. Bu çərçivədə:

1. Sərbəstləşən işçilər orta aylıq əməkhaqqının 5 misli məbləğində müavinət ala bilirlər.
2. Mümkün olduqda onlar ixtisaslarına uyğun vakant yerlərə yerləşdirilir.
3. Ənənəvi neftçi ixtisasına malik, lakin uyğun vakant yeri olmayan əməkdaşlar ixtisas dəyişikliyi üçün Təlim Mərkəzlərinə cəlb olunur və proqram müddətində (1 il) əməkhaqlarının 50%-ni almaqla ikinci peşə qazanmaq imkanı əldə edirlər.

Qarabağ müharibəsi qazilərinə və şəhid ailələrinə qayğı

ANQSİHİRK Qarabağ müharibəsi qazilərinə, şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi sosial qayğı göstərir:

• Kollektiv müqaviləyə əsasən, hər il Zəfər Günündə müharibə veteranı statusu olan işçilərə minimum əmək haqqının 2 misli,
• Kollektiv müqaviləyə əsasən, müharibə əlillərinə minimum əmək haqqının 5 misli,
• Kollektiv müqaviləyə əsasən, şəhid olmuş işçilərin ailə üzvlərinə minimum əmək haqqının 10 misli məbləğində maddi yardım verilir.

Müharibə əlillərinin ildə bir dəfə müalicə və istirahəti təşkil olunur.

Üzv təşkilatlarda çalışmış 3 şəhidin 7 övladı ANQSİHİRK-in daimi himayəsindədir və onlara hər ay maddi yardım göstərilir.

2025-ci il Novruz və Qurban bayramlarında SOCAR-la birgə şəhid ailələrinə, qazilərə və sosial həssas kateqoriyadan olan ailələrə maddi yardım və alış-veriş kartları təqdim edilib.

Üzv təşkilatlarda:

• Qarabağ müharibəsi iştirakçıları – 4 734 nəfər
• Şəhid işçilərin ailə üzvləri – 295 nəfər
• Qarabağ müharibəsi əlilləri – 229 nəfər
• Şəhid olmuş işçilər – 208 nəfər

ANQSİHİRK-in sosial rifah sahəsində həyata keçirdiyi bu geniş fəaliyyət kompleks olaraq neft-qaz sənayesi işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, rifahının yüksəldilməsinə və peşəkar həyatlarının daha stabil və təhlükəsiz olmasına xidmət edir.