Tədris və inkişaf
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi gələcək nəsillərin inkişafını dəstəkləməyi mühüm prioritetlərdən biri hesab edir. Bu məqsədlə həyata keçirilən “Smart Children Academy” pilot təlim proqramı üzv təşkilatların 7 yaşdan yuxarı uşaqları üçün çoxşaxəli tədris və inkişaf imkanları təqdim edir.
Proqram əsasən müasir dünyada tələbatın artdığı STEAM istiqamətləri üzrə uşaqların bilik və bacarıqlarını genişləndirməyə yönəlib. Proqramda aşağıdakı kurslar tədris olunur:
• Robototexnika: Konstruktorlar vasitəsilə mexaniki sistemlərin qurulması, sensorların öyrənilməsi və sadə alqoritmlərin tətbiqi.
• Fashion Design: Model formalaşdırma, rənglərin uyğunluğu, estetik düşüncə və geyim eskizlərinin hazırlanması.
• 3D Printing: 3D modellərin qurulması, printerlərin iş prinsipi və hazır modellərin hazırlanması.
• Dron modelçiliyi: Uçuş prinsipləri, konstruksiya, balans və dron idarəetmə bacarıqları.
• Raket və təyyarə modelçiliyi: Aerodinamika, konstruktiv elementlər və uçuş simulyasiyaları.
• Keramika modelçiliyi: Formalaşdırma, rəngləmə və bədii yaradıcılıq bacarıqlarının inkişafı.
Bu məşğələlər uşaqlarda məntiqi düşüncənin, problem həll etmə bacarığının, texniki yaradıcılığın və komanda ilə işləmək vərdişlərinin inkişafına mühüm təsir göstərir.
“Kiçik addımlar böyük gələcək yaradır” devizi ilə reallaşan proqram, həmçinin uşaqların öz maraqlarını təhlükəsiz və dəstəkləyici mühitdə araşdırmasına, yeni texnologiyaları erkən yaşdan mənimsəməsinə və gələcəkdə seçəcəkləri peşəyə yönəlmiş motivasiyanın formalaşmasına imkan yaradır.
ANQSİHİRK bu kimi maarifləndirici layihələr vasitəsilə yalnız əməkdaşların deyil, onların övladlarının da fərdi və intellektual inkişafına dəstək olmağa davam etdirir.