Qarabağda neft və qaz sənayesi işçilərinin ilk həmkarlar ittifaqı təşkilatı təsis olundu.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) Həmkarlar İttifaqı Komitəsinin təsis konfransı keçirilib.
Konfransda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Rüfət Zamanov və “Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov iştirak ediblər. Tədbirdən öncə onlar Xankəndi şəhərində yerləşən Qarabağ RQİİ-nə səfər edərək əməkdaşların iş şəraiti ilə tanış olublar, onların qayğı və ehtiyacları ilə maraqlanıblar.
Təsis konfransında Qarabağ RQİİ-də Həmkarlar İttifaqı Komitəsinin yaradılması rəsmiləşdirildi. ANQSİHİRK-nın sədri Rüfət Zamanov çıxış edərək yeni təsis olunan təşkilatın fəaliyyətinə uğurlar arzulayıb, üzvlərə hədiyyələr təqdim edib və həmrəyliyin vacibliyini vurğulayıb.
Səfər çərçivəsində, həmçinin 10 nəfər Birlik əməkdaşı – nümunəvi davranışı, səmərəli əmək fəaliyyəti və həmkarlar ittifaqı hərəkatında fəal iştiraklarına görə – Fəxri Fərman və dəyərli hədiyyələrlə təltif olunublar.
Bu təşəbbüs işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi institutların bərpası və əmək hüquqlarının qorunması istiqamətində atılmış mühüm addımlardan biridir.