Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) sədri Rüfət Zamanovun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) istehsalat sahələrində əmək şəraiti, sosial təminat və işçilərin rifahı istiqamətində görülən tədbirlərlə yaxından tanış olub.
Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Etilen-Polietilen Zavodunun İdarəetmə binasının qarşısında yerləşən Qarabağ Müharibəsi şəhidlərinin xatirə abidəsini ziyarət edərək, Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra keçirilən görüşdə “Azərikimya” İB-nin Baş direktoru müəssisədə həyata keçirilən sosial və təşkilati yeniliklər, iş mühitinin yaxşılaşdırılması, əmək təhlükəsizliyinin gücləndirilməsi və işçilərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, SƏTƏMM prinsiplərinin istehsalat proseslərinə inteqrasiyası sistemli şəkildə aparılır və bu istiqamətdə davamlı təlim, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir.
Görüş zamanı əməkdaşların təklifləri və mövcud ehtiyacları müzakirə olunub, həmkarlar ittifaqı ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
ANQSİHİRK sədri Rüfət Zamanov çıxışı zamanı vurğulayıb ki, əməkdaşların təhlükəsizliyi, sosial rifahı və layiqli iş şəraitinin təmin olunması həmkarlar ittifaqlarının əsas prioritetlərindəndir. O, “Azərikimya” kollektivinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və qarşıdakı dövrdə əməkdaşların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün birgə təşəbbüslərin davam etdiriləcəyini bildirib.