SOCAR-ın Sosial inkişaf idarəsi, “Neftçi” İdman Klubu və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunan SOCAR-2025 minifutbol turnirinin açılış mərasimi keçirilib.
Bakı Olimpiya Stadionunun örtülü meydançasında təşkil olunan tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ANQSİHİRK-in sədri Rüfət Zamanov və “Neftçi” İdman Klubu İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək, dövlətimizin bədən tərbiyəsi və idmana göstərdiyi qayğıdan, məhz bunun sayəsində ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsindən, Azərbaycanın Avropada və dünyada bir idman ölkəsi kimi tanınmasından danışıblar.
Açılış mərasimi başa çatdıqdan sonra birinci turun oyunlarına start verilib. Xatırladaq ki, yarışda 29 komanda 7 qrupda mübarizə aparacaq. Oyunlar hər həftənin şənbə və bazar günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında baş tutacaq. Turnir sentyabrın 21-dək davam edəcək.