A
A
A

“Smart Children” layihəsinin təlim proqramları üzrə diplom təqdimetmə mərasimi keçirilib

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) təşəbbüsü ilə həyata keçirilən “Smart Children” layihəsinin təlim proqramları üzrə diplom təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər ANQSİHİRK-in fəaliyyətində həmkarlar ittifaqı üzvlərinin və onların ailə üzvlərinin sosial rifahının yüksəldilməsi, uşaqların hərtərəfli inkişafının dəstəklənməsi, onların müasir bilik və bacarıqlara yiyələnməsi üçün əlverişli şəraitin yaradılmasının prioritet istiqamətlərdən biri olduğunu vurğulayıblar.

Bildirilib ki, ANQSİHİRK-in təşəbbüsü ilə həyata keçirilən “Smart Children” layihəsi 2025-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Bu müddət ərzində ANQSİHİRK-ə üzv olan 50-yə yaxın idarə və müəssisədən yüzlərlə neftçi övladı layihəyə qoşulub. “Kiçik addımlar, böyük gələcək yaradır!” devizi altında həyata keçirilən layihə neft, qaz və kimya sənayesində çalışan əməkdaşların övladları üçün yaradılmış mühüm inkişaf platformasıdır və ümumilikdə 60 mindən artıq üzvü birləşdirən böyük neftçi ailəsinin övladlarını əhatə edir.

Layihə çərçivəsində uşaqlar üçün proqramlaşdırma, kibertəhlükəsizlik, robototexnika, elektronika, peyk modelçiliyi, dron və raket texnologiyaları, süni intellekt, ingilis dili, keramika və dizayn kimi müasir və perspektivli istiqamətlər üzrə təlimlər təşkil olunub. Tədris müddətində iştirakçılar həm nəzəri, həm də praktiki biliklərə yiyələnərək müasir texnologiyaların tətbiqi, analitik düşüncə, yaradıcılıq, komanda işi, ünsiyyət və təqdimat bacarıqlarını inkişaf etdiriblər.

ANQSİHİRK-in sədri Rüfət Zamanov layihənin əhəmiyyətindən danışaraq bildirib: “Uşaqların bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələr gələcəyimizə qoyulan ən dəyərli sərmayədir. ‘Smart Children’ layihəsi iştirakçıların müasir texnologiyalar sahəsində biliklərini artırmaqla yanaşı, onların yaradıcı düşüncə, komanda işi və liderlik bacarıqlarının formalaşmasına da mühüm töhfə verib. Bu gün əldə olunan nəticələr bir daha göstərir ki, uşaqlarımızın inkişafına yönəlmiş hər bir təşəbbüs gələcəkdə ölkəmizin insan kapitalının güclənməsinə xidmət edir. Biz inanırıq ki, gələcəyin uğurlu Azərbaycanı yalnız təbii sərvətlər üzərində deyil, bilikli, yaradıcı, innovativ düşünən və yüksək texnologiyalara yiyələnmiş gənc nəslin üzərində qurulacaqdır. ANQSİHİRK bundan sonra da həmkarlar ittifaqı üzvlərinin övladlarının hərtərəfli inkişafına yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirəcək.”

Qeyd olunub ki, təlim proqramlarının yekununda 92 nəfər şagird müxtəlif istiqamətlər üzrə proqramın tələblərini uğurla yerinə yetirərək diplom almaq hüququ qazanıb. Layihə iştirakçılarının əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi, onların elmə, təhsilə və innovasiyalara marağının daha da artırılması, həmçinin gələcək inkişaflarının təşviq edilməsi məqsədilə yekun tədbir təşkil olunub.

Mərasim zamanı layihəni uğurla başa vuran iştirakçılara diplomlar təqdim edilib, onların əldə etdikləri uğurlar yüksək qiymətləndirilib. Tədbirdə valideynlər, müəllimlər və təşkilat nümayəndələri çıxış edərək layihənin uşaqların gələcək inkişafına verdiyi töhfələri xüsusi vurğulayıblar.

Sonda bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilən bu kimi layihələr gələcəkdə də davam etdiriləcək, uşaqların bilik və bacarıqlarının artırılması, innovativ düşüncəyə malik gənc nəslin formalaşdırılması istiqamətində yeni təşəbbüslər reallaşdırılacaq.