Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) Gənclər Komitəsi tərəfindən konfrans təşkil olunub.
Tədbiri giriş sözü ilə ANQSİHİRK-in sədri Rüfət Zamanov açaraq, Ulu Öndərin zəngin siyasi irsindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, Heydər Əliyev siyasətində gənclər ölkənin gələcəyi kimi daim prioritet istiqamət olub.
Konfrans çərçivəsində Respublika Komitəsinin fəaliyyəti barədə film nümayiş etdirilib.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə ilə çıxış edərək, Ümummilli liderin gənclər siyasətinin əsas istiqamətləri, bu siyasətin müasir dövrdə uğurla davam etdirilməsi barədə fikirlərini bölüşüb.
Konfransın sonunda Gənclər Komitəsinin yeni tərkibi formalaşdırılıb. Jalə Orucova ANQSİHİRK-in Gənclər Komitəsinin sədri seçilib. Eyni zamanda, əvvəlki dövrdə göstərdiyi fəal fəaliyyətə görə Gülşən Hüseynova Komitə tərəfindən Təşəkkürnamə ilə təltif olunub.
Konfrans çərçivəsində gənclərin ictimai fəallığının artırılması, həmkarlar ittifaqı hərəkatında iştirakının genişləndirilməsi və gələcək fəaliyyət istiqamətləri müzakirə edilib.