8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) təşkilatçılığı ilə üzv təşkilatların şəhid ailələri və qazilərinin iştirakı ilə bayram tədbiri keçirilib.
Tədbirdə 600-ə yaxın iştirakçı – şəhid ailələrinin üzvləri, qazilər, həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra 44 günlük Vətən müharibəsinin gedişini, Azərbaycan Ordusunun qəhrəmanlığını və tarixi Qələbəmizin əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Respublika Komitəsinin rəhbərliyi 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, bu tarixi Qələbə xalqımızın sarsılmaz birliyinin, milli iradəsinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. Həmçinin Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad edildiyi, onların ailələrinə və qazilərə göstərilən diqqət və qayğının həmkarlar ittifaqları üçün də əsas prioritetlərdən biri olduğu bildirilib.
Şəhid ailələrinin nümayəndələri də çıxış edərək, şəhidlərimizin göstərdiyi qəhrəmanlığın xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib, belə tədbirlərin təşkilinə və ailələrə göstərilən mənəvi dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Zəfər Gününün hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıblar.
Bayram tədbiri iştirakçılar üçün hazırlanmış bədii proqramla davam edib. Səmimi və xoş ovqatda keçən tədbir Zəfər Gününün yaratdığı qürur, minnətdarlıq və həmrəylik duyğularını bir daha yaşadıb.
ANQSİHİRK şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır və onların qəhrəmanlığının gələcək nəsillər üçün daim örnək olacağını bildirir.