A
A
A

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının VI Qurultayı keçirilib

2025-ci il iyunun 18-də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının (ANQSİHİ) VI Qurultayı keçirilib. Qurultayda ölkənin müxtəlif bölgələrindən neft, qaz və kimya sənayesi sahəsində çalışan həmkarlar ittifaqı üzvlərini təmsil edən nümayəndələr iştirak ediblər.

Tədbirin gündəliyinə uyğun olaraq, əvvəlcə ötən dövr üzrə İttifaqın fəaliyyəti haqqında hesabat dinlənilib. Hesabatda həmkarlar ittifaqının bu illər ərzində apardığı sosial dialoq, kollektiv müqavilələrin imzalanması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və maarifləndirmə tədbirləri geniş şəkildə əks olunub.

Ardınca İttifaqın Nəzarət-Təftiş Komissiyasının fəaliyyəti barədə hesabat təqdim olunub. Hesabatlar iştirakçılar tərəfindən qənaətbəxş hesab edilərək təsdiqlənib. Həmçinin İttifaqın müxtəlif normativ sənədlərinə əlavə və dəyişikliklər edilərək yeni redaksiyada qəbul olunub. 

Qurultay çərçivəsində İttifaqın rəhbər orqanlarına seçkilər keçirilib. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Məclisinə və İcraiyyə Komitəsinə ANQSİHİ-ni təmsil edəcək nümayəndələr də seçilib.

Tədbir zamanı ANQSİHİ-nin Dəyərləri, Missiyası, Strateji baxışı və Hədəflərini əhatə edən video çarx nümayiş olunub. Video çarxda artıq ittifaq daxilində rəqəmsal transformasiyaya start verildiyi, növbəti illərdə həmkarlar ittifaqının üzv təşkilatları və üzvlərlə birbaşa kommunikasiyanın qurulması, sosial layihələr, işçilərin rifahına yönəlmiş təşəbbüslər xüsusi vurğulanıb.

Qurultayda AHİK-in Aparat rəhbəri Həsən Cəfərov çıxış edərək, həmkarlar ittifaqının fəaliyyəti və təşəbbüslərini yüksək qiymətləndirib, yeni seçilmiş rəhbərliyə gələcək fəaliyyətində uğurlar və davamlı inkişaf arzulayıb.

ANQSİHİ VI Qurultayı, həmkarlar hərəkatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin enerji sektorunda çalışan işçilərin hüquqlarının daha səmərəli müdafiəsi üçün mühüm strateji əhəmiyyət kəsb edir.