Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) nümayəndə heyəti SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” QSC-də əmək şəraiti, sosial təminat və işçilərin rifahı ilə bağlı həyata keçirilən tədbirlərlə tanış olub.
Səfər zamanı nümayəndə heyəti əvvəlcə “Ekol”un inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin xatirə guşəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Ekopark İnnovasiya Mərkəzində rəhbər şəxslərin iştirakı ilə simvolik ağacəkmə aksiyası keçirilib.
SOCAR-ın vitse-prezidentinin müavini, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş icraçı direktoru Ayxan Əliyev müəssisədə reallaşdırılan sosial və təşkilati yeniliklər, iş mühitinin yaxşılaşdırılması, əməyin təhlükəsizliyi və əməkdaşların rifahının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, SƏTƏMM prinsiplərinin istehsalat proseslərinə inteqrasiyası ardıcıl şəkildə aparılır və bu sahədə mütəmadi təlim, nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir.
Görüş zamanı ANQSİHİRK-in sədri Rüfət Zamanov əməkdaşların təkliflərini və mövcud ehtiyaclarını dinləyib, həmkarlar ittifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. O, “Ekol”un bu sahədə gördüyü işləri yüksək qiymətləndirilib və gələcəkdə əməkdaşların sosial müdafiəsinin daha da gücləndirilməsi üçün birgə təşəbbüslərin davam etdiriləcəyi vurğulayıb.