A
A
A

20 Sentyabr – Neftçilər Günündə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan SOCAR-2025 minifutbol turniri yekunlaşdı

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK), SOCAR-ın Sosial inkişaf idarəsinin (Sİİ) və “Neftçi” İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin final oyunu və bağlanış mərasimi 20 Sentyabr – Neftçilər Günündə keçirildi.

Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə əvvəlcə SOCAR-ın Neftqaztikinti Tresti və “SOCAR Polymer” MMC-nin komandaları üçüncü yer uğrunda qarşılaşdı. Nəticədə, “SOCAR Polymer” komandası 4:3 hesabıyla qalib gələrək üçüncü pilləni tutdu. Əsas final qarşılaşması isə “Balaxanı” Əməliyyat Şirkəti (ƏŞ) və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin komandaları arasında baş tutdu. Çətin və gərgin rəqabət şəraitində keçən oyunda, “Balaxanı” ƏŞ rəqibini 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi oldu, “Azneft” komandası isə gümüş medala layiq görüldü.

Bundan əlavə, Neftqaztikinti Trestinin komandasının futbolçusu Namiq Qocayev “Ən məhsuldar oyunçu”, “Balaxanı” ƏŞ-nin komandasından Elşad Mustafazadə isə “Ən yaxşı qapıçı” nominasiyasının qalibi oldu. Final qarşılaşmasının hakimləri Mahir Məmmədov və Hikmət Qafarlı da mükafatlandırıldılar.

Mükafatları ANQSİHİRK-nın sədri Rüfət Zamanov, SOCAR prezidentinin müşaviri Zaur Qəhrəmanov, Sİİ-nin rəisi Tural Məmmədov və “Balaxanı” ƏŞ-nin vitse-prezidenti Rafael Nağıyev təqdim etdilər.

SOCAR-2025 minifutbol turniri bir daha göstərdi ki, birlik, rəqabət və dostluq ruhu ilə atılan hər addım bizi daha güclü edir. Bu ənənənin davamı gənclərimizə ilham verəcək, idmana marağı artıracaq və komandamızın uğurları gələcək nailiyyətlər üçün möhkəm zəmin yaradacaq.