A
A
A

“Kürovdağ” neft yatağının 70 illik yubileyi qeyd olundu

“Shirvan Operating Company Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialının istismar etdiyi “Kürovdağ” neft yatağının 70 illik yubileyi münasibətilə Şirkətin Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib. Ötən əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq, indiki Şirvan rayonunun ərazilərində aparılan kəşfiyyat-qazma işləri 1955-ci il iyul ayının 18-də “Kürovdağ” yatağında 2 saylı qazma quyusunun fontan vurması ilə nəticələnmişdi. Həmin gün tarixə Şirvan neftçilərinin zəfər salnaməsi kimi daxil olmuş, Şirvanın sənaye şəhəri kimi formalaşmasının təməli qoyulmuşdu. 

70 illik yubiley münasibətilə təşkil olunan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, “Shirvan Operating Company Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti Aleksey Volkov, eləcə də Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbər heyəti, uzun müddət neft-qaz sənayesində çalışmış veteran neftçilər və digər qonaqlar iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun unudulmaz xatirəsinin dərin ehtiramla yad edilməsi və “Heydər Əliyev Xatirə Muzeyi”nin ziyarəti ilə başlayıb. Daha sonra Birinci Qarabağ müharibəsində şəhid olmuş neftçilərin büstü önünə tər çiçəklər düzülüb və şəhidlərin müqəddəs ruhu anılıb.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev Komitənin sədri Rüfət Zamanovun təbrik məktubunu “Shirvan Operating Company Ltd” şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti Aleksey Volkova təqdim edib. 

Tədbirin sonunda neft və qaz çıxarma sahəsində çalışan, yüksək peşəkarlığı ilə seçilən bir qrup neftçiyə Fəxri fərmanlar, Təşəkkürnamələr və hədiyyələr, eləcə də 70 illik yubiley suvenirləri təqdim olunub.