A
A
A

Energetika Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilib

Energetika Nazirliyində Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rüfət Zamanovun iştirakı ilə Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilib.

Tədbirdə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, həmçinin həmkarlar ittifaqının Nazirlikdəki fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

İclasda uzun illər Energetika Nazirliyində səmərəli fəaliyyət göstərmiş, 70 yaşının tamam olması ilə əlaqədar təqaüdə göndərilən Akif Əfəndiyev Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif edilib. Komitə sədri çıxışında qeyd edib ki, həmkarlar ittifaqları təkcə əməkdaşların sosial-iqtisadi maraqlarının müdafiəsi ilə deyil, həm də uzun illər əmək fəaliyyəti göstərmiş, təcrübəsi və biliyi ilə kollektivə töhfə vermiş insanların əməyinə dəyər verilməsi ilə fərqlənir. Vurğulanıb ki, İttifaq işçilər arasında həmrəyliyin və qarşılıqlı dəstəyin güclənməsində mühüm rol oynayır.

Nazir müavini Kamal Abbasov Akif Əfəndiyevin çoxillik səmərəli fəaliyyəti, işə məsuliyyətli və alicənab münasibəti, həmçinin gənc əməkdaşlara göstərdiyi dəstəyindən danışıb, ona gələcək həyatında uğurlar arzulayıb.

Akif Əfəndiyev göstərilən diqqət və qayğıya görə Energetika Nazirliyinin rəhbərliyinə və həmkarlar ittifaqına minnətdarlığını bildirib.

Sonda Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti barədə məlumat verilib, kollektivdə sosial əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.