A
A
A

Qadınlar Şurası

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ANQSİHİRK) Qadınlar Şurası ölkəmizdə qadın hərəkatının inkişafına, qadınların hüquqlarının qorunmasına, gender bərabərliyinin təmin olunmasına və qadınlara qarşı hər cür zorakılıq hallarının aradan qaldırılmasına yönəlmiş dövlət siyasətinin icrasında fəal iştirak edir. Şura həmkarlar ittifaqları sistemində qadın və kişi hüquqlarının bərabərliyi ilə bağlı fəaliyyət göstərən komissiya, şura və məsul şəxslərin işini əlaqələndirir, Saziş və Kollektiv Müqavilələrdə gender bərabərliyinin nəzərə alınmasına nəzarət edir.

Kollektiv Baş Sazişdə qadınlar üçün xüsusi sosial təminatlar müəyyən edilib. Bunlara uşaqları ibtidai sinfə gedən analara dərs ilinin ilk günü üçün icazə verilməsi, iki yetkinlik yaşına çatmayan övladı olan qadınlara isə illik məzuniyyətə əlavə bir gün ayrılması və digər imtiyazlar daxildir.

Qadınların sosial müdafiəsi və sağlamlığı

SOCAR təşkilatlarında çalışan qadınlar üçün sosial müdafiə tədbirlərinin genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu çərçivədə:

• Qadınların və onların ailə üzvlərinin istirahəti, sanatoriya-kurort yollayışları ilə təmin olunması təşkil edilir;
• Şəhid ailələri, əsgər anaları, tənha və aztəminatlı qadınlar, həmçinin əlilliyi olan və əlil övladı olan qadınların sosial-iqtisadi hüquqlarının müdafiəsi ilə bağlı aidiyyəti qurumlar qarşısında lazımi məsələlər qaldırılır;
• Bir çox sahələrdə soyunub-geyinmə otaqları yenidən təmir edilərək yeni şkaflar, kondisioner və soyuducularla təmin olunub;
• Şəhid ailələrindən olan qadınlara istirahət mərkəzlərinə və sanatoriyalara pulsuz putyovkalar təqdim edilir.

Qadın əməkdaşların sağlamlıq vəziyyəti prioritet məsələdir. Onkoloji xəstəliklərlə müalicə alan qadınlara, həmçinin öhdəsində əlil uşağı olan əməkdaşlara dərman təminatında yardım göstərilir.

Peşəkar inkişaf və iş şəraitinin yaxşılaşdırılması

ANQSİHİRK qadınların iş həyatında fəal iştirakını dəstəkləyir, onların peşəkar inkişafını daim diqqətdə saxlayır. Bu istiqamətdə qadınların işə qəbulu və işdə irəli çəkilməsi, peşə hazırlığı və ixtisasartırma kurslarına cəlb olunmaları, yeni ixtisaslara yiyələnmələri, kişilərlə bərabər əmək hüquqlarının təmin olunması mütəmadi nəzarətdə saxlanılır.

Xüsusilə hamilə qadınların ağır və zərərli işlərə cəlb olunmaması, iş vaxtından artıq və bayram günlərində çalışdırılmaması ciddi nəzarət altında olan prinsiplərdəndir.

SOCAR-ın Sosial İnkişaf Proqramına uyğun olaraq, qadınlar üçün xüsusi sanitar-gigiyena otaqları yaradılıb, əməkdaşların isti yeməklə təminatı yaxşılaşdırılıb. Neft sektorunda çalışan qadınların iş və məişət şəraitinin yüksəldilməsi, hüquqlarının qorunması Qadınlar Şurasının əsas prioritetlərindəndir.

Tədbirlər, mükafatlandırma və sosial dəstək

ANQSİHİRK-ə üzv bütün təşkilatlarda hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təntənəli tədbirlər keçirilir, qadın əməkdaşlara hədiyyələr təqdim olunur. Təşkilatın ictimai və sosial həyatında fəallığı ilə seçilən qadınlar pul mükafatları ilə təltif edilir.

Müəssisədə uzun illər çalışan, yubileyləri tamam olan və ya pensiya yaşına çatan qadın əməkdaşların yola salınması xüsusi mərasimlərlə təşkil olunur.

Gender komissiyaları və məsul şəxslər

Sahə Kollektiv Sazişinə uyğun olaraq, Qadın və Gender Məsələləri üzrə 54 komissiya fəaliyyət göstərir və ümumilikdə 238 üzv bu işə cəlb olunub. ANQSİHİRK-ə üzv olan idarə və müəssisələrdə 54 nəfər gender məsələləri üzrə məsul şəxs təyin olunub.

ANQSİHİRK Qadınlar Şurası neft-qaz sektorunda çalışan qadınların sosial-iqtisadi rifahının yaxşılaşdırılması, hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi və qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına dəstək göstərilməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir.